Ömür yolu

Akif ƏLİ – Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib (22 fevral 1952 il).

Atası – Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb.
Anası – Şəhla Məhərrəmova, evdar qadın (1028-2008).

Akif ƏLİ Bakı şəhəri 16 №-li orta məktəbi (1970),
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974),
Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:
– “Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” k\st., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” k\st., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7 sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktorudur (1988), dosentdir (2000).

Akif ƏLİ 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin Baş redaktoru olub.
Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

1994-cü il oktyabrın 10-dan Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir.
2-ci dərəcə Dövlət müşaviridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
“Əməkdar Jurnalist” fəxri adına layiq görülüb.

“Qızıl qələm” mükafatı laureatı, çoxlu sayda elmi, publisistik məqalənin,   tele-radio ssenarilərinin, dram və nəsr əsərlərinin, həmçinin:
-14 kitabın (“Gözəlliyin qədrini bilək” -1984, “Azərbaycanın müasir kinoaktyorları” – 1984, “Unudulmaz yollar” – 1985, “Məhəbbət təranələri” – 1989, “Qaragöz oyunu” – 1999, “M.Ə.Sabirin satira sənətkarlığı” – 1999, “Öncə – vətəndir” – 2003, “Ədəbiyyat haqqında düşüncələr” – 2004, “Böyük ömrün anları” – 2004, “Üçüncü yazı” – 2006, “İdrak” – 2007, “Vətən mücadiləsi” – 2011, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” – 2012, “Azman” – 2013);
– “Mozalan” satirik kino-ssenarilərinin (“Zərbə”- № 79, 1983; “Üzr istəyirəm”- № 99, 1985; “Tərsinə” – № 121, 1987; “Mükafat”- № 123, 1988; “Qonşular”- № 132, 1989; “Kreslo”- №144, 1989; “Müavin”- № 144, 1989; “Hacı Qara”- №172, 1998);
-Tərcümə əsərlərinin (A.Gertsen – “Olmuşlar, düşüncələr”, V.Mayakovski – “Taxtabiti”, M.Zoşşenko – “Nəhs günü”, J.B.Molyer – “Meşşanın zadəganlığı”, A.Soljenitsin – “Matryonanın ocağı”, A.Çexov – “Hekayələr”, X.Şahani – “Qasırğa”, Qrimm qardaşları – “Bremen musiqiçiləri”, Mitsuko Takaxasi – “Kəpənək mövsümü”, Mark Gelprin – “Şam yanırdı”, Covanni Verqa – “Dişi canavar  və b.) müəllifidir.

“Ağır daşlar altında” (Məmməd Arazla söhbət) əsərinə görə “Kaspi” qəzetinin (2013);  Mayk Gelprin (ABŞ) “Şam yanırdı” əsərinin tərcüməsinə görə Azərbaycan Tərcümə Mərkəzinin (“Dəf(i)nə yarpağı”-2015) keçirdiyi  ədəbi müsabiqələrin qalibidir.
AzTv-nin “Mədəniyyət” kanalında “Zaman və Məkan”, İTv-də isə “Vətənin səsi” televiziya proqramlarının müəllifi və aparıcısıdır.

Yayım tarixi